Windows 10 final versiyası 29 iyulda çıxacaq

Windows 10 əməliyyat sisteminin final versiyasının çıxışı bu il informasiya texnologiyaları dünyasında ən gözlənən və müzakirə edilən hadisələrdən biridir. Bu tarix artıq məlumdur.

Microsoft korporasiyası tərəfindən göndərilmiş rəsmi press-relizə əsasən, Windows 10 əməliyyat sisteminə yenilənmə Windows 8.1 və Windows 7 istifadəçiləri üçün 29 iyul tarixindən bir il ərzində dünyanın 190 ölkəsində mümkün olacaq.

Yeni əməliyyat sisteminə keçid göstərilən tarixdən sonra bir il ərzində pulsuz olacaq və pulsuz dəstəyinin müddəti yalnız kompüterin istismar müddətiylə məhdudlaşacaq. Yəni, heç bir əməliyyat sistemi olmayan yeni bir kompüterdə Windows 10 əməliyyat sistemini yazmaq üçün lisenziya alınmalıdır. Lakin kompüterdə artıq Windows 8.1 və ya Windows 7 əməliyyat sistemləri qurulubsa, Windows 10 əməliyyat sisteminə keçid pulsuz olacaq. Bu cür keçid əməliyyat sisteminin yenilənməsi (Windows Update) vasitəsilə həyata keçiriləcək.  Windows Update vasitəsilə kompüterə “Get Windows 10” proqram təminatı yüklənəcək, həmin proqramın düyməsi (icon) saatın yanında sistem treydə yerləşəcək və müəyyən müddət ərzində xəbərdarlıq edəcək. Həmin düyməni sıxandan sonra istifadəçi  «Reserve your free upgrade» (Pulsuz yenilənməni rezerv et) menyusuna keçir və öz poçt ünvanını qeyd edir. Müəyyən müddət keçdikdən sonra yeni sistemin yüklənməsi üçün hazır olduğu barədə mesaj gəlir. Həmin müddətdə əməliyyat sisteminin yenilənməsi (Windows Update) açıq olmalıdır.

Bundan başqa xəbərdə deyilir ki, bütün arzu edənlər Windows 10-un nüsxəsini ehtiyatda saxlaya biləcəklər. İstifadəçi fikrini dəyişsə, ehtiyat nüsxəsindən imtina etmək olar:

W10_mesaj-g

Windows 10-da əsas yenilikləri xatırladaq: Cortana şəxsi səs assistenti, Edge adlı yeni brauzeri, Photos, Videos, Music, Maps, People, Mail və Calendar universal proqramları, Continuum funksiyası, istifadəçilərin avtorizasiya sistemi Hello və s.

Aldığımız digər bir məlumat xüsusi diqqət cəlb edir. Yuxarıda deyildi ki, kompüterdə artıq Windows 8.1 və ya Windows 7 əməliyyat sistemləri qurulubsa, Windows 10 əməliyyat sisteminə keçid 29 iyul tarixindən bir il ərzində pulsuz olacaq. Həmin kompüterə əməliyyat sistemini yenidən yazmaq (format etmək) istəsək nə etməliyik? Microsoft Windows Insider proqram rəhbəri Gabe Aul Twitterdə verdiyi açıqlamaya görə: “Əgər bir dəfə digər əməliyyat sistemlərindən  Windows 10-a keçid olunubsa, həmin pulsuz lisenziya ilə həmin kompüterdə əməliyyat sisteminin sıfırdan yenidən yazılması (clean reinstall) istənilən dəfə mümkün olacaq”

 Microsoft korporasiyasının qarşısında məqsəd qoyub: iki-üç ilə Windows 10 nüsxələrinin sayının bir milyarda çatdırmaqdır. Pullu lisenziyaların bəzi qiymətləri barə də xəbərlər vardır. Məsələn: Microsoft Neowin saytıyla Retail-lisenziyanın dəyəri haqqında məlumatla bölüşüb. Dərc edilmiş məlumata əsasən Windows 10 Home $119, Windows 10 Pro $199 satılacaq.

Müəllif: Rauf Khalafov

Şərhlər ( Windows 10 final versiyası 29 iyulda çıxacaq )

  1. teshekkurler

Şərh yazın