What’s going on vəya Nə verir baş? :)))

Salam, Hörmətli Technet.az iştirakçısı!1

Birinci növbədə demək istəyirəm ki, belə bir komandaya qoşulmağa çox şadam və ümidvaram ki, bu əziyyətli İT sahəsində mənim də təcrübəm kiməsə faydalı olsun. Başlamadan əvvəl qeyd etmək istəyirəm ki, şərhlərinizi əsirgəmiyin, necə deyəllər – Həqiqət, müzakirədə yaranır.

İT menecer vəzifəsinə gələn hər bir şəxs (ki bu çox vaxt ani, gözlənilməz olur) bu yeni vəzifədə nə edim, necə edim, nə baş verir, hardan başlayım suallarını verir özünə. Hətta bəzilərə “Axı niyə mən? Günahım nədir?” belə təəssüflənir.

 

Nəticədə Google-da axtararaq, İSO 20000, İSO 27000, İTİL, CoBİT kimi qəribə, hətta qorxunc abbreviaturaları tapır. Bir neçə gün, həftə araşdırmadan sonra bu suallarla üz üzə gəlir:

1)      İSO 20000, 27000 Standartla CoBİT, İTİL arasındakı fərq nədir?

2)      İSO20000, CoBİT, İTİL birlikdə vəya ayrı ayrı tətbiq edilməli?

3)      Bunları tətbiq etməsəm nə olar?

Mən, bir təlimçi olaraq bu sualları tez tez eşidirəm. Qərara gəldim ki, bu məqalədə həm bu suallara cavab verim, həm də quru quru cavab verməkdən əlavə elə izah edim ki, asan yadda qalsın.

İSO 20000, 27000 Standartla CoBİT, İTİL arasındakı fərq nədir?

Ümumiyyətlə standart nədir, o biri nədir sualı yarandıqda iki ünsur yadınızda qalsın:

Birinci – İSO sözü ilə başlayan hər şey standartdır.

İkinci – Standart mündəricatı qısa olan qaydalar toplusu və “NƏ edim?” – “WHAT TO DO?” sualına cavab verir. CoBİT, İTİL, Six Sigma, PMBOK və sairə, bunlar hamısı təcrübə toplusu olub İSO-nun “NƏ EDİM?” sualına cavab aldıqdan sonra izahlı formada “NECƏ EDİM?” – “HOW TO DO?” sualına cavabdır.

Misal:

İSO20000 – İT Xidmətinin idarəolunması sistemi standartı deyir ki, istənilən İT qurumunda ServiceDesk olmalıdır (Nə olmalıdır, nə edim). Deyir ki, Dəyişikliklərin idarəolunması prosesi(Change Management) olmalıdır və olunan hər bir dəyişiklik qeyd olunmalıdır. Gəl ki, necə, hara, hansı tezlikdə vs suallarına cavab vermir. Versə də çox qısa və izahsız verir.  Bax elə bu məqamda İTİL və CoBİT bizə kömək olaraq gəlir. Hər bir “Nə edim?” sualı uzun uzadı məntiqli cümlələrlə izah olunur,  “Necə edim” sualına sistematik cavablar təklif olunur.

Aydın məsələdir ki, İSO standartı 15 səhifədirsə – İTİL, 2000 səhifəyə yaxındır.

Burdan bir başqa əlavə sual yaranabilər ki, Əgər İTİL bu qədər yaxşıdırsa və dünyanın az qala hər yerində uğurla tətbiq olunursa, niyə standart deyil?

Niyə PMBOK, CoBİT, İTİL standart deyil?

Məsələ bundadır ki, “Necə edim?” sualına cavab standart olaraq sərt bir formada hər bir şirkət üçün işləmir. Hər bir şirkət – ölkə, mədəniyyət, daxili infrastruktur, menecment, kollektivin təcrübəsi, sayı, müştərisi, hətta ölkənin geosiyasi mövqeyi kimi ünsurlardan asılıdır və fərqlənir. Hər bir şirkət unikaldır desək doğrudur. Və orada İT xidmətlərinin də idarəolunması unikaldır desək yenə yanılmarıq.

Misal olaraq:

Əgər X şirkətində server alınsın ideyası yarandığı andan fiziki olaraq çatdırılmasına qədər proseduru 10 nəfər təsdiq etməlidirsə, Y şirkətində eyni prosedur 1 nəfər təsdiq etməsi kifayət olabilər. Və böyük ehtimal, hər iki şirkətin bu fərqi onların hər biri üçün doğru və faydalıdır.

Nəticədə nə CoBİT, nə İTİL nə də başqa bir təcrübələr toplusu bunun səhv və ya tam doğru olduğunu sübut edəbilməz. Ona görə bu toplulara Best Practices – Ən yaxşı təcrübələr toplusu deyilir. Bəli! Deyilir. Əmma, faktiki olaraq onları şirkətinizdə tətbiq etməyə cəhd etdikdə onlar əvvəl (input olaraq) yaxşı (Good Practices), təkmilləşdikcə yəni tam şirkətə uyğunlaşdıqda dəyişirlər, və şirkətinizin şəxsi Ən yaxşı (Best Practices) təcrübə (output) əldə olunur.

PS: Aldığınız avtomobil ultra-meqa-maxi-super olsa da, ilk dəfə oturanda avtokreslonu, arxa güzgüləri biraz da olsa özünüzə uyğunlaşdırırsınız.

Beləliklə nə qədər təcrübəli olsaq da, nə qədər bunu CoBİT-də, İTİL-də izah etsək də – bu bir standart deyil. Mütləq bu cürə tətbiq edim, yıxım, dağıdım, dəyişim – alınmır. Bunlar təcrübə toplusudur.

İSO20000, CoBİT, İTİL birlikdə vəya ayrı ayrı tətbiq edilməli?

Əslində bu suala artıq qismən yuxarıda cavab verdik.

Qısaca 2000 səhifəni oxuyub tətbiq etməmişdən qabaq, əvvəlcə 15 səhifəlik İSO 20000 oxunulsa məsləhətdir. Şirkətinizdə NƏYİN zəif və ya faktiki olaraq mövcud belə olmamasını Sizdən yaxşı bilən yoxdur. İSO 20000 (İSO 27001, əgər İT təhlükəsizliyi şərtdirsə) oxuyaraq əvvəlcə o zəiflikləri qeyd edib, daha sonra İTİL və/vəya CoBİT – ə müraciət olunsa doğrudur. Nəticədə istər istəməz birlikdə tətbiq etmiş olacaqsınız.

Bunları tətbiq etməsəm nə olar?

Bu suala cavab vermək üçün biraz tarixi xatırlayaq.

İlk İTİL versiyası 1986-cı ildə yazılıb. Ikinci versiyası 14 il sonra 2000-ci ildə, daha 7 il sonra 3-ncü versiyası hazırlanıb və nəhayət 2011-ci ildə yeni Cloud, BYOD tipli texnologiyaların tətbiqi ilə əlaqədar İTİLv3 2011 Edition olaraq yenilənib. Yəni artıq 25 ildən çoxdur ki, İTİL, İT Cəmiyyətinin “Necə edək” sualına cavabı axtarmasında, işlənib yazılmasında yüz minlərcə İT mütəxəssislərinin şərhlərini nəzərə alaraq dünyanın top İT şirkətlərinin İT menecerlərinin, konsultantların təcrübəsini əks edib bizə kömək edir.

Hətta qəribədir ki, İTİL-in ilk versiyası İSO 20000 standartından qabaq yazılıb. Halbuki az əvvəl dediyimiz kimi, İTİL, İSO 20000 standartına izahlı təcrübələr toplusu kimi təqdim olunur.

Əlbəttə ki, tətbiq etməmək olar. Amma demək olar ki, İT işinin və xidmətlərinin idarəolunmasına aid sullarınızın çoxu bu təcrübələr toplusunda öz əksini tapır desəm, reklam olmaz J Nəyisə aylarla icad edənə qədər, işdən qovulmaq istəmiriksə, təcrübələrə müraciət etmək asan və effektiv həll yoludur.

Gələn səfər (tez olar, darıxmayın) loru dildə “Xidmət nədir? Necə yeyilməli?” məqaləmi paylaşmaq ümidi ilə. Uğurlar!

 

Səs: +90. Bəyənilsin Zəifdir

Müəllif: Sinan Əliyev

Şərhlər ( 4 )

  1. Sinan bəy, məqaləyə görə çox sağ olun. Bu sahədə doğma dilimizdə məlumatları görmək çox sevindirici haldır. Allah zehninizə qüvvət versin.

    • Məmnuniyyətlə. Hansı mövzular maraqlandırır, yazın, aydınlıq gətirməyə çalışaram. 

  2. Sinan bəy, TechNet-ə xoş gəlmisiniz.. Gözəl və lazımlı məqalədir. Təşəkkürlər.

  3. Sinan bəy, çox təşəkkür edirəm. Qısa və aydın şəkildə qeyd etmisiniz. Hava və su qədər lazım idi bu aralarda bu informasiya. Məhz TechNet.Az-da tapdığıma çox sevindim 🙂

Şərh yazın