Microsoft SQL Server üzrə ixtisaslaşma və sertifikatlar

Bu məqalə "Microsoft SQL Server üzrə ixtisaslaşma, sertifikatlar və iş təcrübəsi" silsiləsinə daxildir

Salam Dostlar!

Microsoft SQL Server üzrə istiqamətlər və sertifikatlar barədə suallarla müraciət edənlərin çox olduğunu nəzərə alaraq bugünkü məqalədə bu suala ətraflı cavab vermək qərarına gəldim.

Tələbələri və gənc mütəxəssisləri narahat edən məsələlərdən biri düzgün istiqamətin seçilməsidir və təbii ki, bu seçim gələcəkdə onların karyeralarının formalaşmasında mühüm rol oynayır. İnformasiya texnologiyaları üzrə müxtəlif istiqamətlər var, onlardan biri “Verilənlər Bazası” istiqamətidir. Sirr deyil ki, hər yerdə informasiya ilə üzləşirik. Və maraqlısı budur ki, bu informasıyanın həcmi günü-gündən çoxalır, informasiyanın həcmi artıq zetabaytlarla ölçülür və bu həcm getdikcə daha da artacaq. Və təbii ki, günü-gündən artan informasiyanı kimsə idarə etməlidir. Qeyd etmək lazımdır ki, İT ixtisaslarının çoxu yaxın zamanlarda ömrü bitəcək, onların yerinə təsəvvür edə bilmədiyimiz yeni ixtisaslar gələcək. Və bu, gözümüzün önündə baş verəcək. İndidən buna hazır olmalıyıq. İnformasiyanın sürətlə artığı zamanda onun emalı ilə bağlı yeni həllər yaranacaq. Bəziləri artıq mövcuddur, lakin belə sürətlə getsə hal-hazırki texnologiyalar da yaramayacaq. Bir qədər gələcəyə baxsaq – verilənlərin emalı ilə bağlı ixtisaslara tələbat artacaq.

Verilənlər bazası idarəetmə sistemləri istehsalçısından asılı olmayaraq verilənlərin emalı ilə bağlı hal-hazırda üç əsas istiqamət var:

  1. Proqramlaşdırma (Development)
  2. İnzibatçılıq (Administering)
  3. Analitik hesabatlar (Business İntelligence)

Və əziz oxucularımız yəqin ki, belə bir terminlərlə də rastaşıblar: Data Scientist, Big Data Engineer və s. Bu terminologiyanın arxasında əslində cəmi bir məsələ durur – günü-gündən artan informasiyanın emalı ilə bağlı hər zaman yeni həllər axtarılır. Və yeni-yeni ixtisaslar yaranır. Bunları yuxarıdakı siyahımızın üçüncü bəndinə əlavə etmək olar, çünki bu ixtisas əsasən müxtəlif çətin oxunan məlumatlardan asan oxunan və anlaşılan hesabatların alınması ilə məşğuldur.

Yeni trend kimi formalaşan Data Scientist ixtisası barədə bir neçə kəlmə demək istəyirəm. Mənim fikrimcə verilənlərlə məşğul olan hər bir kəsin hədəfi Data Science olmalıdır, çünki bu artıq klassik elmdə olduğu kimi elmin yuxarı səviyyəsidir. Data Science ilk növbədə elmdir. Digər elmlər kimi çətindir. Data Science böyük verilənlərlə  işləmək və onların arasında qanunauyğunluqlar tapmaq qabiliyyətiylə yanaşı statistik məlumatların analizi metodları barədə real və praktiki biliklər tələb edir. Qısaca desək, Data Scientist inanılmaz həllər tapa bilən və fantastik ideyaları təcəssüm etdirən müxtəlif unikal bacarıqları olan bir mütəxəssisdir. Gözəl səslənir elə deyil mi? Bu peşənin müəyyən olunmuş bir təsviri yoxdur, lakin bütün Data Scientistlərin məşğul olduğu bəzi işlər vardır. Data Scientist nə edir?

  • Bir çox idarə edilməyən məlumatları toplayır və onları daha rahat formaya çevirir.
  • Məlumatlardan istifadə edərək biznesin problemlərinin həllinə kömək edir.
  • SAS, R və Python daxil olmaqla müxtəlif proqramlaşdırma dilləri ilə işləyir.
  • Statistik testlər və paylanmalar daxil olmaqla, statistika ilə işləyir.
  • Mexaniki öyrənmə (Machine Learning), dərin təlim (Deep Learning) və mətn analitikası kimi analitik metodlardan istifadə edir.
  • Hesabatları vizualızasiya alətləri ilə gözəl, asan anlaşılan formada təqdim edir və s.

Lakin bu o demək deyil ki, qalan iki istiqamət: Proqramlaşdırma (Development) və İnzibatçılıq  (Administering) hal-hazırda aktual deyil. Bu ixtisaslara da hal-hazırda tələbat böyükdür, sadəcə olaraq texnologiyalarda dəyişiklərin baş verməsiylə əlaqədar yeni biliklərə yiyələnmək lazım olacaq, məsələn: Bulud texnologiyalarını daha yaxından öyrənmək lazım olacaq.

İndi isə keçək əsas məsələyə. Tələbələrin ən çox verdiyi sual: Hansı imtahan verməliyəm ki, beynəlxalq sertifikat ala bilim? Beynəlxalq sertifikatlar nə üçündür və hansı növləri var bu barədə danışmayacam. Bu barədə saytımızda olan gözəl məqalələrdən tanış ola bilərsiniz:

Microsoft Sertifikatları Haqqında Suallar

İT Sertifikatları Haqqında

Bizi maraqlandıran üç sertifikat növüdür, çünki qalanları artıq köhnəlmiş hesab olunur:

  • MTA – Microsoft Technology Associate
  • MCSA -Microsoft Certified Solutions Associate
  • MCSE – Microsoft Certified Solutions Expert

Və təbii ki, bu sertifikatlara yiyələnmək üçün müxtəlif imtahanlar vermək lazım olacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda Microsoft məhsulları üzrə cəmi 133 imtahan mövcuddur. Bütün siyahı ilə buradan tanış ola bilərsiniz:

Microsoft Certification exam list

Bunlardan Microsoft SQL Server platforması və onunla əlaqədar texnologiyalar üzrə cəmi 21 ədəd imtahan var:

1 98-364: Database Fundamentals
2 70-461: Querying Microsoft SQL Server 2012/2014
3 70-462: Administering Microsoft SQL Server 2012/2014 Databases
4 70-463: Implementing a Data Warehouse with Microsoft SQL Server 2012/2014
5 70-464: Developing Microsoft SQL Server 2012/2014 Databases
6 70-465: Designing Database Solutions for Microsoft SQL Server
7 70-466: Implementing Data Models and Reports with Microsoft SQL Server
8 70-467: Designing Business Intelligence Solutions with Microsoft SQL Server
9 70-473: Designing and Implementing Cloud Data Platform Solutions
10 70-475: Designing and Implementing Big Data Analytics Solutions
11 70-761: Querying Data with Transact-SQL
12 70-762: Developing SQL Databases
13 70-764: Administering a SQL Database Infrastructure
14 70-765: Provisioning SQL Databases
15 70-767: Implementing a Data Warehouse using SQL
16 70-768: Developing SQL Data Models
17 70-773: Analyzing Big Data with Microsoft R
18 70-774: Perform Cloud Data Science with Azure Machine Learning
19 70-775: Perform Data Engineering on Microsoft Azure HDInsight
20 70-776: Perform Big Data Engineering on Microsoft Cloud Services (beta)
21 70-778: Analyzing and Visualizing Data with Microsoft Power BI (beta)

Bunlardan ikisi 70-776 və 70-778 hələlik Test (Beta) mərhələsindədir, qalan 19 imtahan hazırdır.

Microsoft SQL Server üzrə sertifikatlaşma üçün mövcud olan rəsmi səhifəyə daxil olduqda belə bir görüntü ilə rastlaşırıq:

Microsoft SQL Server certifications

Gördüyünüz kimi burada üç səviyyə üzrə bölgü aparılıb. Microsoft SQL Server üzrə başlanğıc və ən yüksəl səviyyəli sertifikatlar mövcuddur. Başlanğıc sertifikat MTA – Microsoft Technology Associate” sertifikatıdır. Ən yüksək səviyyə hal-hazırda “MCSE – Microsoft Certified Solutions Expert” sertifikatıdır. Qeyd etmək lazımdır ki, 1 yanvar 2014-cü il tarixinədək ən yüksək səviyyəli sertifikatlar Microsoft Certified Master (MCM), Microsoft Certified Architect (MCA) və Microsoft Certified Solutions Master (MCSM) sertifikatları idi. Bunları böyük məbləğ (təxmini 20000 $) ödəmək və ABŞ-da iki həftə qalmaq şərti ilə almaq olurdu. İT üzrə ən çətin imtahanlardan sayılırdı. Bu günə qədər bu sertifikatı almış yüzlərlə mütəxəssis var. Bunların siyahısı ilə buradan tanış ola bilərsiniz:

1 yanvar 2014-cü il tarıxındən həmin səviyyə sertifikatları dayandırıldı və hal-hazırda ən yüksək səviyyə  “MCSE – Microsoft Certified Solutions Expert” sertifikatıdır.

MCSA -Microsoft Certified Solutions Associate səviyyəsində SQL Server 2012/2014 və SQL Server 2016 üzrə sertifikatlar vardır. SQL Server 2012/2014 bir müddət qalacaq, çünki SQL Server 2016 versiyası yeni olduğu üçün hələlik tam keçid olunmayıb. SQL Server 2017 buraxılması ilə əlaqədar yeni sertifikatların yaradılması da istisna deyil.  SQL Server 2012/2014 və SQL Server 2016  arasında böyük bir fərq var. Fərq ondadır ki, SQL Server 2012/2014 versiyasında istiqamətlər üzrə bölgü aparılmamışdır. Yəni MCSA sertifikatı olan mütəxəssis yuxarıda qeyd etdiyimiz hər üç istiqamət üzrə (proqramlaşdırma, inzibatçılıq və Bİ) biliklərə malik olmalıdır. Bunun müsbət və mənfi cəhətləri var. Müsbət cəhəti odur ki, SQL Server üzrə mütəxəssis bütün texnologiyalar üzrə biliklərə sahib olur. Məsələn: İnzibatçı proqramlaşdırma (development) üzrə də biliklərə sahib olsa təqdirəlayiq hesab olunur, çünki performans sazlamalarında bu ona çox böyük kömək ola bilər. Mənfi cəhəti odur ki, bu sertifikatı almaq çox çətindir, işi proqramçı (developer) olan mütəxəssis inzibatçılığı da mükəmməl bilməsi şərt idi. SQL Server 2016 yeni texnologiyaların inkişafı zamanında buraxılmışdır və bu versiyada hesab etdilər ki, qeyd etdiyimiz bu üç istiqaməti bir birindən ayırmaq lazımdır. Bu ən çox  günü-gündən artan məlumatları idarə etmək və analitik hesabatların alınması zərurəti yaranması ilə əlaqədardır. Bəli, SQL Server 2016 istiqamətlər tamamilə fərqlidir və hər üç istiqamət üzrə sertifikat var: proqramlaşdırma, inzibatçılıq və Bİ.

Beləliklə başlayaq.

  1. 98-364: Database Fundamentals imtahanını veririk və “MTA – Microsoft Technology Associate” sertifikatını alırıq. Bundan əvvəl heç bir imtahan verməyə ehtiyac yoxdur. İmtahana həm Transact-SQL həm də Inzibatçılıq üzrə başlanğıc səviyyəli suallar düşür. Hazırlıq müddəti 3 ay. Tez-tez verilən sual-cavab:
  • Bu sertifikatı ilk addım kimi almaq vacibdir mi? Cavab: Xeyir, vacib deyil.
  • Bu imtahan digər sertifikatlar almaq üçün vacibdir mi? Cavab: xeyir, vacib deyil.
  • Bu imtahanı verməklə mən MCP (Microsoft Certified Professional) sertifikatını alıram mı? Cavab: xeyir, MCP (Microsoft Certified Professional) sertifikatını almaq üçün 70-lə başlayan imtahanlarda cəmi birini vermək kifayət edir.
  1. SQL Server 2012/2014 üzrə MCSA: SQL Server 2012/2014 sertifikatını almaq istəyirik. Bu sertifikatı almaq üçün üç ədəd imtahan vermək lazım olacaq: 70-461 – Transact-SQL barədə, 70-462 – İnzibatçılıq barədə və 70-463 –İnteqrasiya və hesabat sistemləri üçün DW hazırlanması barədə. Tez-tez verilən sual-cavab:
  • İmtahanları ardıcıl verməyə ehtiyac var mı? Cavab: xeyir, ardıcıl verməyə ehtiyac yoxdur.
  • Bu sertifikatı almaq üçün hər-hansı bir sertifikatının öncədən olması vacibdirmi? Cavab: Xeyir, vacib deyil.
  • İmtahanların üçünün də verilməsi şərtdir mi? Cavab: bəli, sertifikat almaq üçün imtahanların üçü də verilməlidir.
  • Təcrübənin olması vacibdir mi? Cavab: vacib deyil, lakin arzu olunandır. İmtahanlarda təcrübə xarakterli suallar olur.
  • Nə qədər müddətə mən hazırlaşıb bu sertifikatı ala bilərəm? Cavab: hər bir imtahan üçün 3 ay hesablasaq, ümumilikdə 9 ay müddətində bütün imtahanları verərək sertifikata yiyələnmək olar.
  • Kitab və video dərsliklərlə imtahanlara hazırlaşa bilərəm mi? Cavab: bəli, hazırlaşa bilərsiniz. Lakin unutmayın ki, təcrübə xarakterli suallar olduğu üçün mütləq oxuduqlarınızı heç olmasa laboratoriya şəraitdə tətbiq etməlisiniz.
  • Bu sertifikatı almaq üçün hər-hansı bir rəsmi kursda iştirak etmək vacibdir mi? Cavab: xeyir, vacib deyil, amma arzu olunandır. Rəsmi Microsoft kurslarında rəsmi ədəbiyyat və real laboratoriya testləri əldə edirsiniz. Bu sizə imtahan vermək üçün çox kömək edə bilər.
  1. SQL Server 2016 üzrə MCSA: SQL 2016 sertifikatını almaq istəyirik. SQL Server 2016 istiqamətlər tamamilə fərqlidir və hər üç istiqamət üzrə sertifikat var: proqramlaşdırma, inzibatçılıq və Bİ.

Tez-tez verilən sual-cavab:

  • Bu sertifikatı almaq üçün hər-hansı bir sertifikatının öncədən olması vacibdirmi? Cavab: Xeyir, vacib deyil.
  • Bu sertifikatı almaq üçün hansı və neçə ədəd imtahan verməliyəm. Cavab: Cəmi 2 ədəd imtahan vermək lazımdır. Bu siyahıda olan istiqaməti və imtahanlardan birini seçib verə bilərsiniz:

İxtisas 1: MCSA: SQL 2016 Database Development:

70-761 – Querying Data with Transact-SQL

70-762 – Developing SQL Databases

İxtisas 2: MCSA: SQL 2016 Database Administration:

70-764 – Administering a SQL Database Infrastructure

70-765 – Provisioning SQL Databases

İxtisas 3: MCSA: SQL 2016 Business İntelligence Development:

70-767 – Implementing a SQL Data Warehouse

70-768 – Developing SQL data Models

Əlavə olaraq 2 ədəd MCSA sertifikatı mövcuddur. Bunların SQL Server ilə bilavasitə əlaqəsi olmasa da platformaya aid yeni sahələrdir və MSCE üçün ilk addım kimi alına bilər:

İxtisas 4: MCSA: BI Reporting:

70-778 – Analyzing and Visualizing Data with Power BI

70-779 – Analyzing and Visualizing Data with Microsoft Excel (beta)

Hər iki imtahan hələlik test (beta) rejimindədir. Yaxın zamanlarda aktual olacaq.

İxtisas 5: MCSA: Machine Learning:

70-773- Analyzing Big Data with Microsoft R

70-774 – Perform Cloud Data Science with Azure Machine Learning

Tez-tez verilən sual-cavab:

  • İmtahanların ikisinin də verilməsi şərtdir mi? Bəli, sertifikat almaq üçün imtahanların ikisi də verilməlidir.
  • Təcrübənin olması vacibdir mi? Cavab: vacib deyil, lakin arzu olunandır. İmtahanlarda təcrübə xarakterli suallar olur.
  • Nə qədər müddətə mən hazırlaşıb bu sertifikatı ala bilərəm? Cavab: yenilikləri də nəzərə alaraq hər bir imtahan üçün 3 ay hesablasaq, ümumilikdə 6 ay müddətində bütün imtahanları verərək sertifikata yiyələnmək olar.
  • Kitab və video dərsliklərlə imtahanlara hazırlaşa bilərəm mi? Cavab: bəli, hazırlaşa bilərsiniz. Lakin unutmayın ki, təcrübə xarakterli suallar olduğu üçün mütləq oxuduqlarınızı heç olmasa laboratoriya şəraitdə tətbiq etməlisiniz.
  • Bu sertifikatı almaq üçün hər-hansı bir rəsmi kursda iştirak etmək vacibdir mi? Cavab: xeyir, vacib deyil, amma arzu olunandır. Rəsmi Microsoft kurslarında rəsmi ədəbiyyat və real laboratoriya testləri əldə edirsiniz. Bu sizə imtahan vermək üçün çox kömək edə bilər.
  • MCSA: SQL Server 2012/2014 üzrə artıq bir neçə imtahanı vermişəm. Davam etməliyəm mi? Cavab: davam etməyiniz tövsiyə olunur.
  • MCSA: SQL Server 2012/2014 sertifikatımı MCSA: SQL 2016 sertifikatına yeniləyə (upgrade) edə bilərəm mi? Cavab: bəli seçdiyiniz istiqamətdən asılı olaraq bu siyahıdan cəmi 1 ədəd imtahan verməklə sertifikatınızı yeniləyə bilərsiniz:

70-762 – Developing SQL Databases

70-765 – Provisioning SQL Databases

70-768 – Developing SQL data Models

  1. Növbəti addımımız: MCSE sertifikatını almaqdır. Saytda üç cür sertifikat göstərilib:

MCSE:Data Platform MCSE: Business İntelligence sertifikatları 2017-ci il 31 mart tarıxındən köhnəlmiş hesab olunur. Bu sertifikatları almaq üçün əlavə 2 ədəd imtahan vermək lazım idi. Bu imtahanlar hal-hazırda qalıb lakin yaxın zamanlarda siyahıdan ləğv olunacaq. Bu imtahanlar SQL Server 2012/2014 sertifikatlaşma yolu ilə gedənlər üçün müvəqqəti olaraq aktuallığını saxlayıb.

MCSE:Data Platform üçün  2 imtahan:

70-464 – Developing Microsoft SQL Server Databases

70-465 – Designing Database Solutions for SQL Server

MCSE: Business İntelligence üçün 2 imtahan:

70-466 – Implementing Data Models and Reports with Microsoft SQL Server

70-467 – Designing Business Intelligence Solutions with Microsoft SQL Server

Bu sertifikatları 3 ildən bir yenidən vermək lazım idi. Lakin köhnəlmiş (retired) olduğu üçün artıq buna gərək yoxdur.

MCSE üzrə bu sertifikatlar yenisi ilə əvəz olunub və hal-hazırda aktualdır. Bu istiqamət üzrə getmək tövsiyə olunur:

“MCSE: Data Management and Analytics” sertifikatı.

Tez-tez verilən sual-cavab:

  • Bu sertifikatı almaq üçün hər-hansı bir sertifikatının öncədən olması vacibdirmi? Cavab: bəli, vacibdir. SQL Server 2012/2014, və ya  SQL 2016 Database Administration, Database Development, BI Development və ya Machine Learning üzrə MCSA sertifikatının olması vacibdir.
  • Bu sertifikatı almaq üçün hansı və neçə ədəd imtahan verməliyəm? Cavab: əgər sizin MCSA sertifikatınız varsa cəmi 1 ədəd imtahan vermək lazımdır. Bu siyahıda olan imtahanlardan birini seçib verə bilərsiniz:

Exam 70-473

Exam 70-475

Exam 70-464

Exam 70-465

Exam 70-466

Exam 70-467

Exam 70-762

Exam 70-767

Exam 70-768

Exam 70-773

Exam 70-774

Exam 70-775

  • Təcrübənin olması vacibdir mi? Cavab: imtahana girmək üçün vacib deyil, lakin expert səviyyəli imtahan olduğu üçün əz azından 3 il təcrübənin olması arzu olunandır. İmtahanlarda sualların əksəriyyəti təcrübə xarakterlidir.
  • Nə qədər müddətə mən hazırlaşıb bu sertifikatı ala bilərəm? Cavab: təcrübəniz varsa siyahıda göstərilən imtahana 6 ay hazırlaşıb  imtahanı verərək sertifikata yiyələnmək olar.
  • Kitab və video dərsliklərlə imtahanlara hazırlaşa bilərəm mi? Cavab: bəli, hazırlaşa bilərsiniz. Lakin unutmayın ki, təcrübə xarakterli suallar olduğu üçün mütləq oxuduqlarınızı heç olmasa laboratoriya şəraitdə tətbiq etməlisiniz və bu expert səviyyəli imtahanın suallarına cavab vermək üçün ən azı 3 il təcrübəniz olmalıdır.
  • Bu sertifikatı almaq üçün hər-hansı bir rəsmi kursda iştirak etmək vacibdir mi? Cavab: xeyir, vacib deyil, amma arzu olunandır. Rəsmi Microsoft kurslarında rəsmi ədəbiyyat və real laboratoriya testləri əldə edirsiniz. Bu sizə imtahan vermək üçün çox kömək edə bilər.
  • Bu sertifikatları 3 ildən bir yeniləmək lazımdır mı? Cavab: xeyir, yeniləmək lazım deyil.

Daha mühüm bir sual barədə bir necə söz demək istəyirəm:

  • İmtahanı verdim, sertifikatı aldım. Mən bu sahədə harada təcrübə yığa və ya iş tapa bilərəm?

Bu sualın cavabı ayrıca məqalə tələb edir buna görə də növbəti məqaləni gözləməyinizi xahiş edirəm. Gənclərimiz üçün olduqda vacib və maraqlı məqamlara toxunacam.

Beləliklə, bugünkü məqalənin də sonuna gəlib çatdıq. Microsoft SQL Server üzrə istiqamətlər və sertifikatlar barədə suallara cavab verməyə çalışdıq.

Diqqətinizə görə təşəkkür edirəm.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Rauf Khalafov

Şərh yazın