Verilənlər bazaları sahəsi üzrə təcrübə yığmaq və iş tapmaq barədə

Bu məqalə "Microsoft SQL Server üzrə ixtisaslaşma, sertifikatlar və iş təcrübəsi" silsiləsinə daxildir

Salam Dostlar!

Bugünkü məqalədə gənclərimiz üçün olduqda vacib və maraqlı məqamlara toxunacam. Keçən məqalədə Microsoft SQL Server üzrə istiqamətlər və sertifikatlar barədə suallara cavab verməyə çalışdım. Lakin tələbələri və gənc mütəxəssisləri narahat edən daha bir mühüm məsələ vardır:

İmtahanı verdim, sertifikatı aldım. Mən bu sahə üzrə harada təcrübə yığa və ya iş tapa bilərəm?

Bu sualı tələbələr və gənc mütəxəssislər daha çox dərsləri bitirənə yaxın verirlər. Bəziləri dərslərə başlayanda bu sualla qarşılaşırlar: “Oxuyub bitirəndən sonra növbəti addımlarım nə olacaq?”. Bu məsələ ilə əslində tək informasiya texnologiyaları sahəsi üzrə deyil bütün tələbələr qarşılaşırlar. Odur ki, yaxın əyləşin. Başlayaq.

Dostlar, imtahan verib sertifikat almaq özü böyük bir işdir. Daha doğrusu ilk böyük addımınızdır. Sertifikat ala bilməyənlər  məyus olmasın, onlar da az iş görməyib – ən azından bir neçə kitab oxuyub nəzəri bilikləri toplayıblar. Bəziləri isə belə düşünürlər ki, sertifikat aldım bütün işlər bitdi, rahat iş tapa bilərəm. Yadınızda saxlayın, indiki zamanda o bir parça kağızdan daha vacib bir şey var – sizin beyniniz. İş müsahibəsi zamanı o kağızda yazılanlar biliklərinizlə üst-üstə gəlməsə şansınız çox azdır. Buna görə də tələsmək lazım deyil, sertifikat işə müraciət zamanı üstünlükdür, lakin zərurət deyil (bəzi xarici ölkələr istisna olmaqla). Sadə bir misal: mən işə başlayanda heç bir sertifikatım yox idi.

Sirr deyil ki, şirkətlərin əksəriyyəti təcrübə tələb edirlər. Heç bir şirkətdə çalışmadan təcrübə yığmaq mümkündürmü? Dostlar, qəribə səslənsə də, bu mümkündür. Sadəcə olaraq sizdən bir qədər zaman və həvəs tələb olunacaq. Heç bir şirkətdə çalışmadan təcrübə yığmaq üçün aşağıda göstərilən bir neçə qaydalara riayət etməyiniz tövsiyə olunur:

Qayda 1. www.TechNet.az  saytında aktiv iştirak edin. Məqalələr yazın, müzakirələrdə, sual-cavabda aktiv iştirak edin. Burada peşəkar inkişaf imkanları var. Reytinq yığmaq imkanları var. Öz CV-lərinizdə bu fəaliyyət və reytinqlər barədə qeydlər edə bilərsiniz. Bu sizin CV-nız üçün əvəzolunmaz üstünlükdür. Nümunə üçün öz profilimi nəzərinizə çatdırıram: http://www.technet.az/user/x-rauf/

Qayda 2. Qruplarda və “Community”lərdə aktiv iştirak edin. Microsoft SQL Server üzrə ölkəmizdə “Azerbaijan SQL Server/BI User Group” qrupu fəaliyyət göstərir. Digər VBİS-lər üzrə də bir neçə “Community” və qruplar vardır. Bu təşəbbüsə qoşulmağın yeni başlayan mütəxəssislər üçün faydaları:

  • Yeni başlayan mütəxəssislər istifadə olunan texnologiya, yanaşma və həlləri barədə birbaşa bu sahənin expertlərindən məlumat ala bilərlər.
  • Bu sahənin mütəxəssisləri və peşəkarları, peşəkarlığı inkişaf etdirmək və başqalarının inkişafına kömək etmək istəyən həmkarları ilə tanış ola bilərlər.
  • Maraqlı müzakirələrdə iştirak edə bilərlər.
  • Qrupun işində fəal iştirak edərək, özlərinin fərdi peşəkar inkişafları üçün yeni imkanlar əldə edə bilərlər.

Qayda 3. Microsoft SQL Server üzrə məşhur olan və daim izlənilən beynəlxalq Microsoft TechNet Forumlarında aktiv iştirak edin. Yuxarıda qeyd etdiyim səbəblərə görə bu sosial forumlarda iştirakınız işəgötürən tərəfindən müsbət qarşılanacaq və şansınızı artıracaq. Burada da reytinq yığmaq imkanı var. Öz CV-lərinizdə bu fəaliyyət və reytinqlər barədə qeydlər edə bilərsiniz. Nümunə üçün öz profilimi nəzərinizə çatdırıram:

https://social.technet.microsoft.com/profile/rauf%20khalafov/

Qayda 4. Gününüzün bir saatını mütləq http://sql-ex.ru/ saytında keçirin. Burda da aktiv iştirak edib reytinq qazanmaq imkanı var. Dünya üzrə əksər SQL “Developer”lər tərəfindən aktiv izlənilir və istifadə olunur. Burada sertifikat alıb CV-nizə əlavə edə bilərsiniz. Nümunə üçün bu saytda olan bütün mərhələləri keçib sertifikat alan yeganə Azərbaycanlı  Natiq Rzazədənin profilini nəzərinizə çatdırıram. http://sql-ex.ru/users_page.php?uid=259035 . Natiq hal-hazırda ölkəmizin iri şirkətlərin birində MS SQL Server üzrə çalışır.

Qayda 5. “Open Source” layihələrində aktiv iştirak edin. İlk öncə Şəhriyar Rzayevin məqalələrindən faydalanın:

Tələbələrin vəziyyəti, təcrübə axtarışı və Open Source haqqında manifest

DOC bug-lar.(Open Source proyektdə iştirak 1-ci hissə)

Bu dəyərli məqalələrdən  “Open Source” sizin karyeranızda hansı rol oynaya biləcəyi barədə öyrənə bilərsiniz. Heç bir şirkətdə çalışmadan təcrübə qazanmağın ən effektiv üsuludur.

Microsoft şirkətinin açıq qaynaqlı həllər üçün rəsmi hostinq saytı:

https://codeplex.codeplex.com

GitHub -da MS SQL Server üzrə açıq qaynaqlı həllər.

What are the most useful open source SQL Server projects on GitHub?

Qayda 6. Mütləq bir proqramlaşdırma dilini öyrənin. Bu barədə böyük bir məqalə hazırlayıram. Proqramlaşdırma dillərinin  həyatımızda rolu və faydaları barədə maraqlı müzakirələr etməyə çalışacağam.

Qayda 7. Bulud texnologiyaları barədə ətraflı məlumat alın. Bu sahədə sertifikat və biliklər indiki zamanda üstünlükdür.

Qayda 8. İlk zamanlarda az maaşdan qorxmayın. Şirkət sizi işə götürürsə ilk zamanlarda maaşa fikir verməyin. Sizin üçün hal-hazırda əsas təcrübə yığmaqdır. “Bəs işə necə düzəlim axı orda təcrübə tələb olunur?” sualı beyninizdən keçdisə yuxarıdakı qaydaları bir daha oxuyun. Bütün iri, orta və hətta kiçik şirkətlərdə verilənlər var və burdan anlaşılır ki, verilənlər bazaları da var. Buna görə də CV-nizi qaydasına salın və müraciət edin.

Qayda 9. Bir sahəni mütləq mükəmməl öyrənin. Yarımçıq “papaqçı”lıqdan qaçın.

Yuxarıda deyilənlər sizin peşəkar dəyərinizi artıracaq və əlavə imkanlar qazandıracaq. Heç bir şirkətdə çalışmadan təcrübə yığmağın ən optimal variantıdır.

Sonda bir neçə söz hal-hazırki vəziyyət və tendensiyalar barədə demək istəyirəm.

Bildiyiniz kimi, son zamanlar bizdən asılı olmayan bəzi amillərin səbəbindən ölkəmizdə yaşayan gənclərlimizin peşəkar inkişafında bir növ pessimistlik və durğunluq hiss olunur.

Bizim çalışdığımız sahə daim yenilənir. Buna görə də bizim hədəfimiz biliklərimizi daim yeniləmək və inkişaf etdirməkdir. Odur ki, dayanıb nəyisə gözləmək əvəzinə, öz gələcəyinizi indidən qurmağa başlayın. Yadınızdan bir şeyi çıxarmayın – sizin tükənməz enerjiniz var – bu sizin sərvətinizdir , bunu sizdən heç kəs ala bilməz. Ərafınıza baxın: dünyanın ən zəngin insanları sizin kimi cavan və enerjilidirlər, sadəcə olaraq onlar vaxtında lazımı addımları atmış insanlardır. İstifadəçi təfəkküründən yaradıcı təfəkkürünə keçid zamanıdır. Yeniliklər yaradın. Özünüzü daim inkişaf etdirin.

İT ixtisaslarının çoxu yaxın zamanlarda ömrü bitəcək, onların yerinə təsəvvür edə bilmədiyimiz yeni ixtisaslar gələcək. Və bu, gözümüzün önündə baş verəcək. İndidən buna hazır olmalıyıq. İnformasiyanın sürətlə artığı zamanda onun emalı ilə bağlı yeni  həllər yaranacaq. Bəziləri artıq mövcuddur, lakin belə sürətlə getsə hal-hazırki texnologiyalar da yaramayacaq. Verilənlərin emalı ilə bağlı ixtisaslara təlabat artacaq.

Növbəti məqalədə verilənlər bazası sahəsində iş müsahibəsində ən çox verilən sualları bir yerə toplamağa və bu barədə ətraflı məlumat verməyə çalışacağam.

Beləliklə, bugünkü məqalənin də sonuna gəlib çatdıq. Microsoft SQL Server üzrə harada təcrübə yığmaq və iş tapmaq barədə suallara cavab verməyə çalışdıq.

Diqqətinizə görə təşəkkür edirəm

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Rauf Khalafov

Şərh yazın