Sərt Disklərin anatomiyası

Son dövrlərdə komptürlərdə, serverlərdə qalan mexaniki komponent sərt disklərdir. Sərt disklər mexaniki olduğuna görə digər komponentlərlə müqayisədə yavaşdır. Sərt disklər əsas bir neçə komponentdən ibarətdir. Bu komponentlər aşağıdakı kimidir:

Disk təbəqələri (platters)

Yazma/Oxuma başlıqları (read/write heads)

Növbəti komponent “Actuator assembly” adlanır. Bunu tərcümə edərkən “İşləyən və ya hərəkət etdirici mexanizm” mənasına bənzəyir. Bu mexanizm özü isə hərəkət etdirici mühərrikdən(actuator motor) və hərəkət etdirici qollardan(actuator arms) ibarətdir.

Mil mühərriyi (spindle motor)

Disk təbəqələri (platters)

Sərt disklərdə məlumatlar disk təbəqələrində saxlanılır. Disk təbəqələri görünüş olaraq DVD disklərə bənzəyir, amma çox sərtdirlər, onları əymək olmur. Nazikdirlər və çox sürətli dövr edirlər. Sərt disklərdə disk təbəqələri bir birinin üzərində olur. Məlumatlar bu disk təbəqələrinə hərəkət etdirici mexanizm tərəfindən idarə olunan yazma/oxuma başlıqları vasitəsilə yazılır və oradan oxunur. Disk təbəqələrinin üzəri maqnitlə örtülmüşdür və məlumat disk təbəqələrinin hər iki üzünə yazılır.

Yazma/Oxuma başlıqları (read/write heads)

Yazma/Oxuma başlıqları ilə məlumat sərt disk təbəqələrinə həm yazılır, həm də oxunur. Bu başlıqlar hərəkət etdirici mexanizmə birləşmiş şəkildə olur və sərt disklərin nəzarətçi mexanizmlərində olan proqram təminatı (firmware) tərəfindən idarə olunur. Yazma/Oxuma başlıqları sərt disk təbəqələrinə toxunmadan onların üzərindən hərəkət edir. Başlıqlar sərt disk təbəqələrindən nanometr hündürlüyündə olurlar. Bu hündürlüyə uçma hündürlüyü deyilir. Məlumat yazılmaq üçün sərt disk təbəqələrinin iki üzü var. Hər üzün isə öz yazma/oxuma başlığı var. Nümunə üçün yuxarıdakı şəkilə baxsaq, buradan belə nəticəyə gəlmək olar ki, bu diskin 2 sərt disk təbəqəsi, məlumat yazmaq üçün 4 üzü və 4 yazma/oxuma başlığı var.

 

İzlər(track) və sektorlar

Sərt disk təbəqəsi boyunca halqalar var, bu halqalara izlər deyilir. Hər bir iz sektorlara bölünür. Sektorlar təxmini 512 bayt olur. Əgər, diskə 256 bayt məlumat yazılırsa, bu zaman bizə 512 bayt lazımdır. Yəni bir sektor lazımdır. Deyəlim ki, 2048 bayt məlumat yazılır. Bu isə o deməkdir ki, 4 sektora ehtiyacımız var.

 

Mil (spindle) və Silindir (cylinder)

Hər bir sərt disk təbəqəsi milə birləşir. Bütün bu təbəqələr mil mühərriki ilə bu milin ətrafında eyni sürətlə hərəkət edirlər. Bütün sərt disk təbəqələri eyni milə birləşdiyinə görə eyni vaxtda hərəkətə başlayırlar və eyni vaxtda dayanırlar. Mil ətrafındakı bu hərəkət dəqiqədəki dövr adlanır(RPM-revolutions per minute). Əgər bizim 4 ədəd sərt disk təbəqəmiz varsa, bunların üzərində hər hansı bir izi(track) götürsək, bu iz  bütün təbəqələrdə mildən eyni məsafə aralıqda yerləşir. Bütün təbəqələr üzərində bu izlər eyni yerdə yerləşdiyinə görə bunlar alt-alta gələrək silindir əməl gətirirlər.

 

Nəzarətçi (controller) və LBA

Hər bir sərt disk üzərində nəzarətçi(controller) ilə gəlir. Bu nəzarətçini kiçik kompüterə bənzədə bilərik. Nəzarətçidə proqram təminatı (firmware) yerləşir və bunun vəzifələrindən biri mürəkkəb əməliyyatları LBA-ya yönləndirməkdir. Çünki əməliyyat sistemi LBA-nın təqdim etdiyini görür. Logical Block Addressing isə məntiqi blok ünvanlandırmadır. İndiyə qədər sadaladıqlarımız mürəkkəb olduğu üçün bunu əməliyyat sistemindən gizlətmək və daha asan təqdim etmək üçün LBA istifadə olunur. Blok isə sektor və ya sektorlardan ibarət olur.

 

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın