Command Prompt əmrləri (1)

Bu məqaləmizdə Command prompt və istifadə olunan əmrlər barədə məlumat verəcəyik.

Command prompt (Əmrlər sətri) Microsoft əməliyyat sistemlərində əmrlər vasitəsilə işlərin görülməsi üçün vasitədir. Command prompt açmaq üçün Run bölməsinə cmd yazmaq və ya  axtarış bölməsinə command yazaraq nəticələr arasından Command prompt seçmək mümkündür.

01-cmd

CMD-də olan əmrlər barədə məlumat almaq üçün help əmrini icra edə bilərik. Hər hansı bir əmr barədə daha ətraflı məlumat almaq üçün əmrdən sonra /? yazmaq mümkündür. Məsələn dir /? əmrini icra etdikdə dir əmrinin imkanları barədə daha ətraflı məlumat ala bilərik. Eyni zamanda bəzi əmrlərin qarşısına help yazaraq da ətraflı məlumat əldə edə bilərik. (Məsələn help dir)

Hər hansı əmrin nəticəsində əldə olunan məlumatı hər hansı faylda saxlamaq üçün “>faylın adı” əmrindən istifadə edilir. Məsələn “dir >D:\dir.txt” əmrini işə salsaq əmrin nəticəsinə uyğun olaraq D diskində dir.txt faylı yaranacaq. Faylın içində olan məlumatlara notepaddə baxmaq üçün “notepad fayl”, bizim nümunə üçün notepad D:\dir.txt əmrindən istifadə edə bilərik. Birbaşa cmd üzərində baxmaq istədikdə isə “type faylın adı”, bizim nümunə üçün “type D:\dir.txt” əmrindən istifadə edə bilərik.

dir – cari anda olduğumuz ünvanda olan fayllar və direktoriyalar barədə məlumatı əks etdirir. Məsələn şəkildə göstərildiyi kimi C:\Users\Kanan ünvanında olduğumuz üçün həmin ünvanda olan fayllar və direktoriyalar barədə məlumatlar əks olunub.

Əgər dir əmrini çalışdıran zaman ehtiyac duyduğumuz faylları əldə etmək istəyiriksə, bu zaman müəyyən məhdudlaşdırıcı işarələrdən istifadə edilir. Məsələn d hərfi ilə başlayan fayllar bizə lazımdırsa, bu zaman dir d* əmrindən istifadə edə bilərik. (* bütün simvollları nəzərə almaq üçündür. M*c verildikdə ilk hərfi M son hərfi c olanlar nəzərdə tutulur. M* verildikdə ilk hərfi D olub digərləri fərq etməyənlər nəzərdə tutulur. *c verilsə, son simvolu c olub əvvəlki simvolları fərq etməyənlər nəzərdə tutulur.) Ola bilər ki, bəzən əldə etmək istədiyimiz faylın müəyyən bir simvolunu bilmirik bu zaman ? işarəsindən istifadə edə bilərik. Məsələn dir M?sic əmrini çalışdırsaq ? işarəsindən başqa digər 4 simvolu üst-üstə düşən bütün fayllar nəticədə əks olunacaq.

02-dir

Dir əmri üçün aşağıdakı parametrlərdən istifadə oluna bilər:

  1. dir /w – nəticəni geniş mətn formatında ekranda əks etdirir.
  2. dir /a – atributlarına əsasən faylları ekranda əks etdirmək üçün istifadə edilir. Gizli faylları göstərmək üçün /ah, sistem faylları üçün /as, yalnız oxuna bilən fayllar üçün /ar istifadə olunur.
  3. dir /b – yalnız faylların və direktoriyaların adlarını əks etdirir.
  4. dir /q – faylın sahibinin adını da ekranda əks etdirir.
  5. dir /s – cari direktoriya və subdirektoriyalarda olan bütün faylları ekranda əks etdirir.

Direktoriyanı dəyişmək üçün cd əmrindən istifadə edilir. Məsələn Desktopa keçmək üçün cd Desktop əmrini icra etməliyik. Geriyə qayıtmaq üçün cd .. əmrindən istifadə edə bilərik. Kök direktoriyaya qayıtmaq üçün cd \ əmrindən istifadə edilə bilər.

Yeni direktoriya yaratmaq üçün md əmrindən istifadə edilir. Məsələn md D:\Technet əmrini icra etsək D diskində Technet qovluğu yaranmış olacaq.

Hər hansı bir direktoriyanı silmək üçün rd əmrindən istifadə edilir. Subdirektoriyalarla birlikdə silmək üçün /s parametrindən istifadə olunur. Bu zaman bizdən direktoriyanın silinməsini təsdiq etmək üçün ekranda sual əks olunur. Əgər sualın avtomatik təsdiq edilməsini istəyiriksə, /q parametri əlavə edilə bilər. Məsələn rd D:\Test /s /q

Hər hansı bir faylı silmək üçün Del əmri istifadə edilir. Hər hansı bir direktoriyada olan bütün faylları silmək üçün həmin direktoriyada del *.* əmrini icra etmək lazımdır. Faylları silməzdən əvvəl təsdiq edilməsi üçün sualın ekranda əks olunmasını istəyiriksə, bu zaman /p parametri istifadə edilə bilər. Yalnız oxuna bilən fayllar olduqda belə silinə bilməsi üçün /f parametrindən istifadə edilə bilər.  Bütün subdirektoriyalarda olan faylları silmək üçün /s əmrindən istifadə edilir. Faylların silinməsi zamanı *.* parametrindən istifadə etdikdə sualın avtomatik təsdiqlənməsi üçün /q parametrindən istifadə edilir.

Copy – faylın kopyalanması üçün istifadə edilir. Əmr Copy “mənbə fayl” “kopya fayl” formasında aparılır. Məsələn D:\Technet.txt faylını D:\Technetyeni.txt kimi kopyalamaq üçün copy D:\Technet.txt D:\Technetyeni.txt əmrini icra etmək lazımdır. Faylın düzgün kopyalandığını yoxlamaq üçün /v parametrindən istifadə olunur. Eyni bir direktoriyaya ikinci eyni adlı faylın kopyalanması zamanı istifadəçidən faylın əvvəlki faylın üzərinə yazılmasının təsdiqi tələb edilir. Təsdiqin avtomatik formada icra edilməsi üçün /y parametrindən istifadə edilir

Əməliyyat sistemində cmd üçün istifadə olunan digər əmrlər barədə növbəti məqalələrimizdə məlumat verəcəyik.

Səs: +200. Bəyənilsin Zəifdir

Müəllif: Kənan Əkpərov

Şərhlər ( 3 )

  1. Məqalə və əməyin üçün təşəkkürlər Kənan bəy

  2. Ətraflı izah üçün təşəkkürlər.

Şərh yazın